RUSİYA

Putin Tehranda Rəisi və Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək - Peskov

RF Prezidentinin mətbuat katibi bildirib ki, sözügedən tədbir Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Kreml təsdiqləyib ki, Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehrana səfər edəcək, orada İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, sammit çərçivəsində həmçinin ikitərəfli görüşlər də keçiriləcək.
“Bəli, biz bunu təsdiqləyə bilərik, həqiqətən də prezidentin Tehrana səfəri hazırlanır. Astana prosesinin qarantı olan dövlət başçılarının görüşü olacaq. Bu, bildiyiniz kimi, Suriya nizamlanmasına yardım edən bir prosesdir”, - deyə o, jurnalistlərə bildirib.
Peskov onu da qeyd edib ki, İranda Rusiya Federasiyasının prezidenti üçün həm ikitərəfli, həm də üçtərəfli təmaslar planlaşdırılır.
"Həqiqətən də Putin, Rəisi və Ərdoğan arasında görüş olacaq. Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüş də olacaq. Dünən Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik. Bu görüş də orada baş tutacaq”, - deyə Peskov Putinin iyulun 19-da Tehrana gedəcəyini, Putinin Ərdoğanla görüşünün də həmin günə planlaşdırıldığını açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.