BAKI, 9 iyul - Sputnik. “Azərbaycanın, Qarabağın incisi, ölkəmizin və Türk dünyasının mədəniyyət paytaxtı – Şuşada sözün əsl mənasında bizlər üçün bayram bayrama qarışıb”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
“Nə xoşbəxt ki, bu gün biz hər birimiz artıq qalib ölkənin vətəndaşları, qalib ölkənin səfirləri, qalib ölkənin diplomatlarıyıq. Mən bu xoşbəxtliyi bizlərə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq etmək istərdim. Biz bu gün böyük minnətdarlıq hissi ilə şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlar canlarından, qazilərimiz qanlarından keçdi və məhz bunun nəticəsində biz hamımız bu xoşbəxtliyi və sevinci yaşaya bilirik”, - XİN rəhbəri qeyd edib.
"Biz hərbdə Zəfər qazanmış ölkə olaraq bu gün Şuşada sülh, sülh quruculuğu barədə danışacağıq. Azad edilmiş ərazilərə qayıdış, 30 il Vətən həsrəti ilə yaşayan insanların qayıdış planları barədə danışacağıq", - C.Bayramov əlavə edib.
Nazir bildirib ki, hərbdə Zəfər çalmış Azərbaycanın sülh danışıqlarında da qalib olacağına əmindir:
“Çox yaxın zamanlarda biz bunun nəticələrini görəcəyik. Bu təqdimatların Şuşada edilməsinin xüsusi rəmzi mənası var. Dövlətimiz 44 günlük Vətən Müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdi. Eyni zamanda, biz sülh quruculuğu prosesində də qalib olmaqla, sözün əsl mənasında bütün dünyaya fərqi göstərəcək, nümayiş etdirəcəyik”.