BAKI, 8 iyul — Sputnik. "30 mart 2022-ci ildə 442 mənzilin güzəştli şərtlərlə satışı həyata keçirilərkən seçim prosesinə müdaxilə imkanları aşkarlanıb. Buna görə də Mənzil İnşaatı Dövlət Agentliyi Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib".
Sputnik Azərbaycan-ın məlumatına əsasən, bunu keçirilən mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.
O bildirib ki, DTX tərəfindən faktla bağlı çoxsaylı istintaq tədbirləri həyata keçirilib.
"Bu əməli törədənlər müəyyən edilib və bir nəfər barəsində axtarış elan olunub", - deyə Günel Hüseynova əlavə edib.
DTX əməkdaşı kompüter texnologiyalarının inkişafı ilə əlaqədar kibercinayətlərin də artdığına diqqət çəkib.
Xatırladaq ki, martın 30-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin satışı zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8939 nəfər olub. MİDA açıqlama yayaraq bildirib ki, seçilmiş 442 mənzilin 257-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Məlumat üçün yada salaq ki, MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olmuşdu.