BAKI, 7 iyul - Sputnik. Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri dəyişib.
Bundan əvvəl komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu komissiyanın sədri olacaq.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində də dəyişiklik edilib.
Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən həmsədri artıq iqtisadiyyat naziri deyil, xarici işlər naziri olacaq.