AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda daha üç radio yayımçısı lisenziyasının alınması üçün müsabiqə elan edilib

Audiovizual Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər.
Sputnik
BAKI, 7 iyul - Sputnik. Bu gün Audiovizual Şura növbəti iclasını keçirib.
Şuranın yaydığı xəbərə görə, iclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb. İclasda bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib.
Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıblar.
İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər. Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin, ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə 3 yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.