RUSİYA

Rusiya XİN “Jibek jolı” gəmisinin Türkiyədə saxlanılması iddiasını rədd edib

Ukrayna daha əvvəl Türkiyədən öz taxılını daşıdığını iddia etdiyi Rusiyanın üç gəmisini yoxlamasını istəyib.
Sputnik
BAKI, 6 iyul - Sputnik. Rusiyanın “Jibek jolı” gəmisinin Türkiyədə saxlanılması və ya həbs edilməsi barədə söhbət getmir.
Bu məlumatı Rusiya Federasiyası Xarici İşlər Nazirliyi paylaşıb.
Nazirlikdən bildirilib ki, gəmi limanın lövbər dayanacağındadır və standart prosedurlardan keçir.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu 13 iyun tarixli məktubda Türkiyənin Ədliyyə Nazirliyindən oğurlandığı iddia edilən taxılın daşınmasında şübhəli bilinən 3 gəmi ilə bağlı araşdırma aparılmasını və sübut təqdim etməsini istəyib.
Məktubda bildirilir ki, gəmilər aprel və may aylarında Krımın Sevastopoldakı əsas taxıl terminalından yola düşüb.
Sözügedən üç yük gəmisi “Mixail Nenaşev”, “Matros Pozıniç” və “Matros Koşka” Avropa Birliyinin sanksiyaları altında olan və Rusiyanın dövlətə məxsus gəmiqayırma korporasiyasının nəzdində fəaliyyət göstərən şirkətə məxsusdur. Bu gəmilərdə Xerson şəhərindən oğurlanmış taxılın da daşındığı iddia edilir.
Kiyevin Ankaraya verdiyi məlumata görə, bu gəmilərdən biri “Mixail Nenaşev” iyunun 14-16-da Sevastopoldakı taxıl terminalında olub. Gəminin 8 gün sonra İsgəndəruna gəldiyi bildirilib. Məlumata görə, gəmi bir dəfə Dərincə limanına 27 min ton buğda qoyub. Dərincə limanı Rusiyanın taxıl daşıyan gəmisinə ev sahibliyi etdiyini etiraf edib, amma əlavə şərh verməyib.
Digər gəmilər – “Matros Pozıniç” və “Matros Koşka”nın Sevastopoldakı taxıl terminalına ən azı 3 dəfə baş çəkdiyi deyilib. Bu səfərlərin bəzilərində gəmilərin Suriyaya getdiyinə də diqqət çəkilib.
Ukrayna Rusiyanı xüsusi hərbi əməliyyatların başlamasından bir müddət sonra taxıl oğurlamaqda günahlandırmağa başlayıb. Qarşı tərəf isə bu ittihamları rədd edir. Kiyevin iddiasına görə, Rusiya Ukraynadan təxminən 400 min ton taxıl oğurlayaraq satıb. Bunun təxminən 150 min tonunun Suriyaya göndərildiyi iddia edilir.
Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar isə iddia edir ki, Türkiyə Ukrayna taxılını daşıdığı iddia edilən “Jibek jolı” gəmisini Kiyevin istəyi ilə saxlayıb.
DÜNYA XƏBƏRLƏRİ
Kiyev Türkiyə gömrükçülərinin Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxladığını bildirib