HADİSƏ

İki gənc suda boğuldu, meyitləri axtarılır

Bu gün Xəzər dənizinin Xaçmaz sahilində və Kür çayının Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulma hadisələri baş verib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Xaçmazda dənizdə bir nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən məlumata əsasən, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub. Dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğludur. Hadisə Nabran kəndi ərazisində baş verib. Onun axtarışları davam etdirilir.
Bu gün daha bir analoji hadisə Qazaxda baş verib. Həmin bölgədə 16 yaşlı yeniyetmə Kür çayında batıb. 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlu Kürün Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər, yeniyetmənin meyitinin axtarışları aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.