DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada siyasətçilərin hesablarına haker hücumları barədə xəbərdarlıq edilib

Hakerlər siyasətçinin mobil telefon nömrəsini ələ keçirə, bu və ya digər yüksək vəzifəli hökumət üzvünün artıq bu messencerdə təmsil olunduğunu göstərməklə digər qurbanları özlərinə cəlb edə bilərlər.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarəsi (Əks-kəşfiyyat) və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarəsi (BSI) ölkənin aparıcı siyasətçilərinin hesablarına məqsədyönlü haker hücumları barədə xəbərdarlıq edib. Bu barədə "Bild" qəzeti onun sərəncamında olan daxili sənədə istinadən məlumat yayıb.
"Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarə xüsusilə yüksək vəzifəli siyasi xadimlərə qarşı yönəlmiş davam edən sosial texniki kampaniyadan xəbərdardır. Əvvəlki bilik səviyyəsinə görə, hücumçular aşağıdakı məqsədləri güdürlər: mövcud messencer hesabını ələ keçirmək; messencerdə yüksək vəzifəli siyasi xadimin adından həmin şəxsin real mobil telefon nömrəsinə istinad edərək hesab yaratmaq", - deyə sənəddə vurğulanır.
Qəzetin yazdığına görə, hücum edənlərin xüsusi hərəkət alqoritmi var. Onun təhlükəsi ondan ibarətdir ki, hakerlər siyasətçinin mobil telefon nömrəsini ələ keçirə, bu və ya digər yüksək vəzifəli hökumət üzvünün artıq bu messencerdə təmsil olunduğunu göstərməklə digər qurbanları özlərinə cəlb edə bilərlər.
Dələduzların qurbanına çevrilməmək üçün Almaniya səlahiyyətliləri heç vaxt şəxsi avtorizasiya kodları və ya PİN kodu verməməyi tövsiyə edir.
Almaniyanın tanınmış siyasətçilərindən hansının artıq bu cür hücumların qurbanına çevrildiyi açıqlanmır.