BAKI, 3 iyul- Sputnik.Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə iyulun 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib.
Konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələrin - Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransın gündəliyində iki paneldə müzakirələr aparılıb. BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlararası platformasının gələcəyi” mövzusunda müzakirələrdə ilk söz BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyevə verilib.
Azərbaycanın Vətən müharibəsindəki Zəfəri ilə regionda yeni reallıq yaratdığını qeyd edən BMTM-nin sədri türk dövlətlərinin həmrəyliyindən, Şuşa konfransının əhəmiyyətindən danışıb. Gündəlikdəki əsas məsələnin türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakı ilə bağlı olduğunu diqqətə çatdıran F.Şəfiyev bu toplantının növbədənkənar konfrans olduğunu deyib. Eyni zamanda, bildirib ki, növbəti konfrans Özbəkistanda keçiriləcək. Həmin müddətdə TDT-nin zirvə görüşü də təşkil ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərindən bəhs edən BMTM-nin İdarə Heyətinin sədri bu yaxınlarda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk dəfə üçtərəfli görüşü keçirildiyini qeyd edib, görüşün yekununda birgə Bakı Bəyannaməsinin imzalandığını vurğulayıb.
Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdıran Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Qismət Gözəlov isə bununla bağlı tədbirlər planı hazırlandığını bildirib.
Q.Gözəlov TDT-nin 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verdiyini, Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında səy göstərdiyini qeyd edib.
“Qlobal problemlər fonunda müəyyən çağırışlar meydana çıxır. Regionumuz həssas olduğu üçün birliyimizin, əməkdaşlığımızın möhkəmləndirilməsi diqqət çəkir. Dünyada çoxqütblülük problemi mövcuddur. Su qıtlığı, ərzaq çatışmazlığı və digər problemlər bizi çox narahat edir və bu problemləri həll etmək üçün həmrəy olmalıyıq. Türk dövlətləri bir yerdə daha güclüdür. Biz gələcəyə daha ümidlə baxırıq", - deyə Q.Gözəlov vurğulayıb.
Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən TDT Baş katibinin müavini məsələlərə ortaq mövqedən baxmağın daha həmrəy və güclü olmağa imkan verdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş deyib:
"Bu gün Şuşada olmağımız təsadüfi deyil. Konfransın bu Zəfər şəhərində keçirilməsi qürurvericidir. Bu müqəddəs torpaq Şuşa Bəyannaməsinin imzalandığı şəhərdir. Türk dövlətləri olaraq çox uğurlu bir yoldayıq. Türkiyə bu yolun bir parçası olaraq fəaliyyətini davam etdirəcək. Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqaz və Orta Asiya regionundakı münasibətlər sistemində bir nümunədir”.
Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzi direktorunun birinci müavini Əkrəmcan Nemətov Qarabağda aparılan nəhəng quruculuq işlərinin Azərbaycan dövlətinin siyasi iradəsini və xalqın ruh yüksəkliyini göstərdiyini vurğulayıb. “Azərbaycan cəmi bir neçə ayda miqyası çox böyük olan işlər görüb. Dövlətlər var ki, bu işləri reallaşdırmaq üçün onilliklər sərf edir”, - deyə o əlavə edib.
Əkrəmcan Nemətov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir.
Türkiyə Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının icraçı direktoru Mesud Özcanın moderatorluğu ilə keçirilən ikinci paneldə “Regiondakı yeni geosiyasi reallıqlar və Türk Dövlətləri Təşkilatı” mövzusu ətrafında müzakirələr aparılıb.
Türk Dövlətləri Təşkilatı Macarıstan Ofisinin nümayəndəsi Zsofia Kraus Şuşa konfransında iştirak etməsindən məmnunluğunu ifadə edib. Beyin mərkəzlərinin Şuşa konfransının ümumi işə, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edən Macarıstan Ofisinin nümayəndəsi diqqətə çatdırıb ki, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması, mövcud əlaqələrin dərinləşdirilməsi qlobal məsələlərin həllində öz köməyini göstərəcək.
Zsofia Kraus bu günlərdə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və kommunikasiya nazirləri arasında imzalanan memorandumun əhəmiyyətindən də danışıb.
Qazaxıstan Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kalıyev, Qırğız Respublikası Strateji Araşdırmalar üzrə Milli İnstitutun eksperti Nurcan Djolçubek Uulu və digərləri mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Bununla Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı işini başa çatdırıb.
Konfrans çərçivəsində qonaqlar Şuşanın görməli yerləri ilə də tanış olublar.