BAKI, 3 iyul - Sputnik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
Bu sözləri türk dövlətlərinin beyin mərkəzlərinin nümayəndələrinin Şuşada keçirilən növbədənkənar toplantısında iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə deyib.
“Son zamanlar biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, xüsusən də nəqliyyat əlaqələrinin və kommunikasiyaların yaradılması məsələlərində müsbət dönüşün şahidi olmuşuq. Lakin sülh sazişinin imzalanmasında müəyyən durğunluq var”, - F.Şəfiyev bildirib.
Onun sözlərinə görə, Ermənistan bəzən konstruktiv yanaşma nümayiş etdirmir: “Ermənistan dərk etməlidir ki, siyasi həll yolunu seçməsə, yenə uduzacaq. Odur ki, o, bu anı dəyərləndirməlidir. Unutmaq olmaz ki, sərhədlərin demarkasiyası və delimitasiyası kimi, bütün məsələlərin kökündə sülh sazişinin imzalanması zərurəti dayanmalıdır”.
F.Şəfiyev vurğulayıb ki, üçüncü dövlətlər bu prosesə maraq göstərir və öz vasitəçiliyini təklif edirlər: “İlk növbədə bütün regionun təhlükəsizliyini təmin edəcək sülh sazişini imzalamaq lazımdır. Biz münaqişəni arxada qoymaq niyyətindəyik”.
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin son görüşünü şərh edən F.Şəfiyev deyib ki, Azərbaycan bu təşəbbüsləri müsbət qiymətləndirir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədrinin fikrincə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olmasa, bu, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına mane ola bilər: “Hər şey paralel həll olunmalıdır, lakin ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.