BAKI, 2 iyul - Sputnik. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.
Əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti buradakı Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən şəhərdəki dağıntılara baxıblar. Qonaqlara məlumat verilib ki, Füzuli şəhəri işğal altında qaldığı dövrdə ermənilər tərəfindən tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv edilib.
Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar sonra Şuşa şəhərinə gəliblər. Onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı və Şuşa şəhər qala divarları ilə tanış olublar.
Qonaqlar daha sonra Cıdır düzünə gedərək, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.