İDMAN

"Əziz Şuşa” beynəlxalq velosiped yarışına bir həftə qalıb

Tuurnirin ikinci mərhələsi Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.
Sputnik
BAKI, 2 iyul - Sputnik. İyulun 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası (AVF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək. Bu barədə AVF-dən məlumat verilib.
Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" tədbirləri çərçivəsində təşkil ediləcək. 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı yarış iki mərhələdən ibarət olacaq.
İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.