YAZARLAR

Zaur Kamalın hərəkəti və ya Afşindən Babəkin qisasını almaq cəhdi

El məclislərinin, mağar toylarının, xınayaxdı, göbəkkəsdi, sünnət kimi önəmli şənliklərin sevimli siması, həm də televiziya aparıcısı Zaur Kamalın efirdə etdiyi hərəkət çox müzakirə olunur.
Sputnik
"Bu ölkəyə və bu həyata dair heç bir şeyin, heç bir zaman mənim arzuladığım kimi olmayacağını bilir, artıq buna görə əzab çəkmirəm".
– Zəki Dəmirkubuz, Türkiyəli rejissor, ssenarist və aktyor
Səmimi-qəlbdən etiraf etmək istəyirəm ki, daha heç nəyə heyrətlənə bilmirəm. Normal insanları heyrətləndirən, şoka salan, dəhşətə gətirən, həyatını alt-üst edən hadisələrə tükümü də tərpətmirəm, bəzi fədakar ziyalılarımızın hələ də gözlərini bərəldib baxdığı, onların dodaqlarını uçuqladan olaylar məni zərrə qədər təəccübləndirmir. Daha xalqın, insanlığın taleyi məni narahat etmir. Ziyalı mövqeyimi də dincə qoymuşam, harda gəldi çıxarıb ortaya tullamıram. Xalqı, ölkəni, daha sonra dünyanı, bəşəriyyəti xilas etmək kimi qayğılarım artıq yoxdur, ya da qismən azalıb. Xalqdan, cəmiyyətdən, qohum-qardaşdan, qonum-qonşudan, şairlərdən, maşın ustalarından, taksi sürücülərindən – mənə əziz olan hər kəsdən – çox incimişəm. Hiss edirəm ki, mənim bu incikliyimi hamı başa düşür və narahatlıq keçirir. Bu məqamda məni narahat edən əsas məsələ xalqımın, ulu millətimin mənim ziyalı mövqeyimə tamarzı qalmasıdır. Ona görə də, bəzən müxtəlif taleyüklü məsələlərdə öz ziyalı mövqeyimi gizlincə bəslədiyim qaranlıq mağaradan gün işığına çıxarmaq, sərgiləmək ehtiyacı hiss edirəm. Hiss edirəm ki, elə məsələlər var ki, laqeyd qalmaq məndə şiddətli baş ağrısı, ürəkbulanma yaradır. Əlqərəz, bu günlərdə ziyalı mövqeyimi ortaya qoymağın məqamı gəldiyi üçün, özümü bir balaca yaxşı hiss edirəm. Yenə də təssüflə qeyd edirəm ki, heyrətlənmək barədə azca narahatlığım var. Sizə qoşulub heyrət və təəccüb içində qalmadığım üçün özümü çox qınayıram. Hazırda bu narahatlığımı sizinlə bölüşüb, sonra 5-6 kursdan uzman psixoloq, psixoterapevt sertifikatları almış, “Adler”, “Freud”, “Yunq” mükafatları almış bir şəfaverənin qəbuluna gedəcəm. İnşallah, yaxşı olaram!
***
Bu günlərdə – lap təzəlikcə – xalqımın əziz və istəkli övladı, el məclislərinin, mağar toylarının, xınayaxdı, göbəkkəsdi, sünnət kimi önəmli şənliklərin sevimli siması, həm də televiziya aparıcısı Zaur Kamalın efirdə etdiyi hərəkət çox müzakirə olunur. Deyirlər həmin gün Zaur Camal (müəllif burada aparıcı ziyalımızın yar-yaraşığını vurğulamaq istəmişdir.) “Babək” filmini izlədiyi üçün, bərk həyəcan keçirib və efirə qonaq çağırdığı Təbrizli müğənni Afşin Azərini Abbasi xəlifəsi Mötəsimin sərkərdəsi, “Babək üsyanı”nı yatıran, xalqımızın qəhrəman övladı Babəki məğlub edib, edama aparan Afşinlə qarışdırıb, özündən asılı olmayaraq təbrizli sənətkarla kobud davranıb. Məlum və məşum videoya mən də baxmışam, – Zaur Xammal (müəllif ziyalı aparıcımızın Afşinləri qarışdırmağını xamlıq, naşılıq hesab edir) sərt və qəzəbli ziyalı mövqeyini ortaya qoyarkən gözləri par-par parıldayırdı. Mən baş verənlərin mahiyyətini anlamasam da, ziyalı vətən övladının Afşindən Babəkin qisasını alacağını, əsrlər əvvəl “Mən həmişə səninləyəm, Azərbaycan!” deyən Rasim Balayevin, üzr istəyirəm Babəkin qanını yerdə qoymayacağını hiss etdim. Heyf ki, həmin ərəfədə televiziya rəhbərliyinin, verlişin redaktorunun başı qarışıq olduğu üçün igidimizin Afşinləri qarışdırmasına aydınlıq gətirib, onun qəzəbli və sərt hücumlarına müdaxilə edə bilməyiblər. Əminəm ki, televiziya rəhbərliyi belə şeylərə qətiyyətlə imkan verməz, Təbrizli Afşinin İran əsilli Heydər ibn Kavus olmadığını Zaur Şümala (Müəllif burada aparıcının uca boyunu mədh edir) başa salardılar. Heç bir televiziyamız belə nadanlıqla, cahilliklə, çox-çox üzr istəyirəm tərbiyəsizliklə yadda qalmaq, reytinq toplamaq istəməz. Xüsusilə Zaur Şimal (müəllif bu məqamda özünü meyxanaçı kimi aparır, qafiyə tutur) kimi bir ziyalımız, indiyə qədər apardığı verlişlərdə bircə dəfə də bayağılıq, nadanlıq, tərbiyəsizlik, savadsızlıq etməmiş bir adam, qəfildən niyə belə hərəkət etsin ki?
Hər zaman tariximizi, mədəniyyətimizi, incəsənətimizi, qəhrəmanlığımızı tərənnüm edən, böyük tarixi şəxsiyyətləri təbliğ edən, ömrünü televizyamızın çiçəklənməyinə həsr edən bir sənət fədaisi niyə efirdə özünü itirməlidir? Mənə elə gəlir ki, məlum hadisə baş ağrısının və hədsiz vətənpərvərliyin təsiri altında baş verib. Zaur Mal (bu məqamda müəllif aparıcını təhqir etmir, onun cahilliyini ziyalı ərklə qabartmağa çalışır) heç vaxt belə səhv edə bilməzdi. Ümid edirəm ki, televiziya rəhbərliyi onun bu hərəkətini məhz ziyalı mövqeyinə və vətənpərvərliyinə bağışlayıb. Çünki qədirbilən xalqımızın Afşin Azəriyə ehtiyacı olduğu kimi, Zaura da ehtiyacı var.
***
İstəmədən izlədiyim, daha doğrusu təsadüfən qarşılaşdığım bu mənzərə məni xeyli düşünməyə məcbur etdi. Təxminən 10-15 saniyədən sonra hədsiz çox düşündüyümü hiss edib qalxıb işə getdim, ancaq gün boyu Zaur Rəmmalın (müəllif burada nə demək istədiyini özü də bilmir) müzakirə olunması məni hədsiz dərəcədə yorduğu üçün, yenidən bu barədə düşünməyə başladım. Xeyli düşünəndən sonra kefim düzəldi. Zaur Amalın (müəllif bu məqamda ziyalı aparıcımızın məqsədyönlü olduğunu vurğulamağa çalışır) bu qəribə və vaxtında edilmiş qəhrəmanlığına azacıq kövrəldim də. Bəli, kaş ki xalqımın bütün tanınmış simaları belə layiqli vətənpərvər olsun! Çox şükür, əksər televiziyalarımızda bu cür ziyalı insanlar bizim qarşımıza çıxır və biz bundan çox məmnunuq. Allahın bu lütfündən nəsibimizi aldığımız üçün çox bəxtəvər olmalıykən, sosial şəbəkələrdə bu insanları qınamağımızı nədənsə başa düşə bilmirəm. Uca Tanrım ilin-günün bu vaxtında bizə belə ziyalı oğullar bəxş edir, biz isə qarışqanı böyüdüb fil edirik. Ayıb deyilmi? Heç utanmırsınızmı? Nə vermisiniz bu ziyalılara, ala bilmirsiniz? Düşmənlərimizin gözü qarşısında ziyalılarımızı biyabır etmək sizə nə verir? Yox da, xoşunuza gəlir bizi bütün dünyada ələ salıb, gülsünlər? Bu gün Zauru tənqid edən, linç edən xalq sabah onun adaşı Zaur Baxşəliyevi, həmkarı Xoşqədəm xanım Hidayətqızını da tənqid edər. Məncə indiki halda belə şeylərə ehtiyac yoxdur. Gül kimi efirlərə baxıb, vətənpərvərlik hisslərimizin şahə qalxdığı, milli dəyərlərimizin çiçəkləndiyi, sənətə və sənətkara öz həqiqi qiymətinin verildiyi bir dönəmdə belə etirazlara qətiyyən gərək yoxdur. Zaur da bir qələtdir, edib. Əminəm ki, tezliklə bu xoşagəlməz hadisəni unudub kütləvi şəkildə Zaurları izləməyə davam edəcəksiniz.
P.S: Afşin Azəri qardaşımızdan da dönə-dönə üzr istəyirəm. Təbriz qoxulu, vətən sevdalı sənətkarımızın qəlbini qıran, incidən Zaur Razvalı (müəllif burada vətənpərvər və sənət sevdalı xalqa xoş gəlməyə çalışır) isə şiddətlə qınayıram.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.