BAKI, 1 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydeni Rusiya neftinin idxalını məhdudlaşdırmaq fikrindən daşındırmağa çalışır. Bu barədə “New York Post”un köşə yazarı Stiven Heyvord yazır.
Onun fikrincə, başa çatan G7 sammiti Cimmi Karterin Ağ evdə olduğu dövrdən bəri ən pis tədbir olub. Jurnalist hesab edir ki, Baydenin iştirakı ilə keçirilən tədbiri və 1979-cu ildə Yaponiyada keçirilən görüşü iştirakçılar arasında "ağlını itirmiş Amerika prezidenti"nin olması birləşdirir. Belə ki, Bayden Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması ideyasını dəstəkləyərək, Yaxın Şərq ölkələrini Qərbə tədarükü artırmağa çağırır.
"Bu həftə Emmanuel Makron, görünür, Karterin bütün siyasi səhvlərini təkrarlamaq niyyətində olan prezident Baydenlə yumşaq bir şəkildə mübahisə etməyə çalışıb. Baydenin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində neft hasilatını artırmaq ümidi ilə Makron ona dedi ki, səudiyyəlilər və Fars körfəzinin digər iri istehsalçıları artıq maksimum gücə yaxındırlar və istəsələr belə, Baydenə kömək edə bilməyəcəklər", - deyə Heyvord qeyd edib.
Müəllif vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydeni "ictimai biabırçılıqdan" xilas etməyə çalışıb.
"Makronun məsləhətinin mənası odur ki, ABŞ-ın özünü ələ alması və öz neft yataqlarına diqqət yetirməsinin vaxtı çatıb", - materialda belə deyilir.
Heyvordun yazdığı kimi, Bayden Avropa ölkələrini Rusiyadan daha çox öz iqtisadiyyatlarına zərər vurmaqla hədələyən Moskvaya qarşı sanksiyaları yumşaltmaq, eyni zamanda bu prosesdə simalarını saxlamaq istəklərini görmür.
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri iyunun 26-28-də keçirilən sammitdə Rusiyadan enerji asılılığını azaltmaq niyyətlərini təsdiqləyiblər. Onlar ilkin olaraq Rusiya neft və qazı üçün qiymətləri məhdudlaşdırmağa başlamağa razılaşıblar. Sammitin yekunlarına dair kommünikeyə əsasən, G7 liderləri "Avropa İttifaqının beynəlxalq tərəfdaşlarla enerji qiymətlərinin saxlanması yollarını, o cümlədən zəruri hallarda idxal qiymətlərinə müvəqqəti məhdudiyyətin tətbiqinin mümkünlüyü barədə qərarını alqışlayırlar".