CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladını öldürdüyü iddia edilən qadının nə problemi var? - Narkoloji testin nəticələri

Azyaşlı övladına psixotrop maddə verildiyi iddia edilsə də, uşaq yenidən ananın himayəsinə qaytarılıb.
Sputnik
BAKI, 30 iyun — Sputnik. Bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında iki yaş yarımlıq, baxımsız vəziyyətdə qalan, anası tərəfindən psixotrop maddə verildiyi iddia edilən uşaqla bağlı paylaşım etmişdi. Elə həmin gün ana Maştağada yerləşən Ruhi Dispanserə yerləşdirilib.
Lakin bir gün keçməyib ki, qadın oradan çıxaraq uşağın yerləşdirildiyi Azərbaycan Uşaqlar Birliyinin sığınacağının qarşısına gələrək oradakıları şantaj və təhdid edib, hədələyib, övladının onlar tərəfindən oğurlandığını iddia edib.
Birlik sədri Kəmalə Ağzadə qadının azadlıqda rahat gəzməsinin təhlükəsindən danışsa da, artıq uşaq anasının himayəsinə verilib. Bu barədə K.Ağazadə sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Bir neçə gün öncə Abşeron Rayon İcra Hakimiyyəti qəyyumluq komissiyasının əməkdaşlarının iştirakı ilə 3 yaşlı uşağı anasına təhvil verdik. Bu həmin ana idi ki, günlər öncə sığınacağın qarşısında aləmi bir-birinə qatmışdı. Təəssüf ki, icra hakimiyyəti əməkdaşlarından başqa aidiyyatı digər qurumları məsələyə heç bir reaksiya vermədilər. Uşaq anada qalacaq, amma bundan sonra ciddi nəzarət olunacaq. Xahiş edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu məsələni nəzarətə götürsünlər. Qadının davranışları adekvat deyil, uşağa nəsə olarsa, kim məsuliyyət daşıyacaq?".
K.Ağazadənin sözlərinə görə, Abşeron İcra hakimiyyəti əlindən gələni edib, amma bu məsələlərdə koordinasiya olmadıqca, belə uşaqlar bərbad durumda həyatlarını davam etdirəcəklər.
Abşeron Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədova isə Sputnik Azərbaycan-a açıqlamasında bu faktla bağlı bir sıra sualları cavablandırıb. O bildirib ki, aparılan araşdırmalar zamanı azyaşlının bədənində hansısa zorakılıq faktı aşkarlanmayıb. Bundan başqa, qadının narkoloji və psixoloji testinin də nəticəsində onda hər hansı bir problemin olmadığı bəlli olub.
"Hətta düşünürdük ki, bəlkə hansısa yolla bu cavabı alıb, buna görə də qadını təkrar yoxlamaya göndərdik. Nəticələr isə yenə də eyni oldu. İçimizdə müəyyən şübhələr qalsa da, biz qanunvericiliyə uyğun olaraq uşağı anaya qaytarmalı idik", - deyə Ş.Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi tərəfindən Baş Prokurorluğun cinayətdən kənar işlər idarəsinə göndərmək üçün məktub hazırlanır:
"Onlar tərəfindən məhkəmədə iddia qaldırılacaq və əlavə olaraq da qəyyumluq şöbəsi rəy verəcək. Məhkəmə yolu ilə qadın bir daha mərkəzi ekspertizada müayinə olunacaq. Həmin ekspertiza və qəyyumluq şöbəsinin rəyi əsasında məhkəmə qərar çıxaracaq. Həmin qərara əsasən uşaq ya ananın himayəsində qalacaq, ya da yenidən sığınacağa veriləcək".
Ş.Məmmədova qeyd edib ki, rəy verilənə qədər ana daim nəzarətdə olacaq, hər gün evinə baxış keçiriləcək.
Qonşuların iddialarına görə ananın bundan öncə də bir övladı olub, onu pəncərədən aşağı ataraq öldürüb. Lakin bu iddia təsdiqini tapmayıb.
Uşağa qarşı psixoloji zorakılığa gəlincə, RİH rəsmisi deyib ki, belə bir hal olubsa belə, bunu sübut etmək çətindir: "Bununla bağlı əlimizdə sübut yoxdur".
Qonşuların digər iddialarında ananın xəstə olduğu bildirilirdi. Ş.Məmmədova da deyir ki, binanın komendantı qonşuların fikrinə əsasən ananın xəstə olduğunu iddia edib:
"Qonşular fikirlərini sadəcə belə əsaslandırırdılar ki, ana xəstə, müəyyən problemi olan biri kimi yeriyir. Onların hansısa yazılı şikayəti yoxdur. Qadın da bizə müraciətində kimin ondan şikayət etdiyini soruşur".
İH nümayəndəsinin sözlərinə görə, haqqında danışılan ana bildirib ki, uşağı ona geri qaytarılmasa, intihar edəcək:
"Anada hansısa problem aşkarlanmayıbsa, məhkəmə qərarı olmadan valideynin övladını əlindən ala bilmərik. Amma qadın intihar etsə, bu zaman hamımız məsuliyyət daşıyacağıq".
O bildirir ki, qadının yaşadığı ev, şəraiti övladı böyütməyə imkan verir. Qadın hazırda işləmir və anasının pensiyası ilə dolanışığını təmin edir.
Ananın yüngül həyat tərzi keçirib-keçirməməsinə gəlincə, RİH rəsmisi bununla bağlı da əllərində fakt olmadığını deyib.
Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədova daha öncəki açıqlamasında da bildirmişdi ki, 2,5 yaşlı uşaq nəzarətə götürülərkən, o, süst vəziyyətdə, pis halda, bədəni hərarətli olub:
"Ayaq üstə dayana bilmirdi, acından barmaqlarını yeyirdi, uşağın üzünün damarları, bədəni partlaq-partlaq idi".
CƏMİYYƏT
Övladını öldürən ana ətrafdakılara təhlükə yaradır və şantaja əl atır