BAKI, 30 iyun — Sputnik. İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, qitə birinciliyinin sonuncu 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) ölkəmizi yarışda təmsil edəcəklər.
Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov millimizin üzvləri ilə görüşərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Avropa çempionatının proqramına əsasən, iyunun 30-da bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçiriləcək.
İyulun 1-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər xalçaya çıxacaqlar. Növbəti gün digər çəki dərəcələrindəki pəhləvanlar mübarizəyə qoşulacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.