CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələr örüş yerlərini satıblar, kəndlilər heyvanları otaracaq yer tapmırlar

Örüş sahələri qanunsuz zəbt edildiyindən, sakinlər başqa kəndin örüş sahələrini icarəyə götürməli olurlar.
Sputnik
BAKI, 26 iyun — Sputnik. Heyvandarlıq üçün vacib olan amillərdən biri də örüş yerləridir. Ancaq son illər bəzi bölgələrdə belə ərazilər azalmaqdadır. Bu da mal-qara saxlayanların işini xeyli çətinləşdirir. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Qaxın Qıpçaq kəndində də oxşar vəziyyət yaranıb. Kənd sakini Əhməd Salehov deyir ki, kənddə yetərincə otlaq sahəsi olmadığı üçün son illərdə heyvandarlıqla məşğul olanların sayı xeyli azalıb.
Qaxın Qıpçaq kəndində örüş sahələri
"Örüş yerlərimiz var idi. Bələdiyyə hamısını satıb. Sahələrin 4 tərəfi bağlanıb, indi biz ora heyvan sala bilmirik. Başqa kəndin sakininə bostan üçün 7-8 hektar yer veriblər, biz istifadə edə bilmirik", - deyə Əhməd Salehov qeyd edib.
Kənd sakini Rafiq İbrahimov isə bildirir ki, qanunsuz zəbt edilən ərazilər çoxdur. Bu da örüş sahələrinin azalması ilə nəticələnir.
"Kim istəsə gəlib örüş yerini tutur, bağlayır. Heç kim də ona heç nə demir. Bəzi yerləri gedib göstərə də bilərəm. Malım da var, qoyunum da var. Örüşə göndərirəm, ancaq sahə az olduğu üçün heyvanlar axşam evə ac qayıdıb gəlirlər", - Rafiq İbrahimov əlavə edib.
Eyni problem Tovuzun Hunanlar kəndində də hökm sürür. Sakinlərin sözlərinə görə, Kürətrafı ərazidə otlaq sahəsi mövcud olsa da, həmin ərazilər hasarlanıb. Kənd sakini Sadıq Səfərovun sözlərinə görə, mal-qara sahibləri digər kəndlərin otlaq sahələrini icarəyə götürmək məcburiyyətində qalıblar.
Qaxın Qıpçaq kəndində örüş sahələri
"Mal-qoyun saxlamaqla məşğulam. Otarmağa isə yerimiz yoxdur. Hər yeri tutublar . Mən özüm Əlimərdanli kəndindən pul ilə icarəyə yer alaraq heyvan saxlayıram",- deyə Sadıq Səfərov vurğulayıb.
Kənd sakini Telman Eyvazov da son dövrlərdə qanunsuz zəbt hallarının geniş vüsət aldığını bildirib.
Qaxın Qıpçaq kəndində örüş sahələri
"Sahələrin hamısını tutublar, qeyri-qanuni zəbt ediblər. Kimdən soruşursansa, deyir ki, buranı almışam. Kimdən alıb, bilmirəm. Çəpərlənib hər yer. Kimsə icarəyə verir, biz də gedib pulla götürürük".
Məsələ ilə bağlı hər iki kəndin bələdiyyəsi ilə əlaqə saxladıq. Qıpçaq kənd bələdiyyəsindən bildirildi ki, həm Qıpçaq, həm də ətraf kəndlərin örüş sahələrində son 3 ildə, yəni yeni tərkib seçildikdən sonra zəbtolunma halı baş verməyib. Qeyd olunan neqativ hal əvvəlki dövrlərə aiddir. Tovuzun Hunanlar kənd bələdiyyəsindən isə xəbər veriblər ki, otlaq sahələrini qanunsuz mənimsəyən şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib.
VİDEO
Yanğın təhlükəsi: Fermerlər mühafizə zolağı üçün torpağı şumlamırlar