BAKI, 26 iyun - Sputnik. İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb. Report-un xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu, son 20 ildə rekord göstərici olub:
"Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb".
Xidmət rəisi onu da qeyd edib ki, əvvəlki illərdə - 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb:
"Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir.
U.Tağıyevanın sözlərinə görə, bəzi dövrlərdə quraqlıq daha uzun çəkir:
"Bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır".
"Respublikada ayın sonuna kimi, dağlıq və dağətəyi rayonlarda lokal yağıntıların fasilələrlə müşahidə ediləcəyi, leysan xarakterli olacağı gözlənilir", - U.Tağıyeva əlavə edib.
Gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. Maksimal temperatur paytaxtda 30-34 dərəcəni keçməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.