BAKI, 26 iyun — Sputnik. Emin Əlisahib. 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə Alban - Udi Xristian Dini İcmasının üzvlərinin Tərtər rayonunun erməni işğalından azad edilən Suqovuşan və Talış kəndlərinə səfəri baş tutub.
Qonaqlar əvvəlcə Suqovuşanda V əsrə aid olan və düşmənin erməni kilsəsi kimi qələmə verməyə çalışdığı, Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər. Kilsədə dini ayin icra edilib.
Daha sonra dini icma üzvləri Tərtərin Talış kəndinə yola düşüblər. Qədim Alban irsinə aid daha bir tarixi məkanda ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, onlara Allahdan rəhmət diləyiblər.
Suqovuşan və Talışda dini ayinlər icra olunub
© Sputnik / Emin Alisahib
Alban-udi Xristian dini icmasının sədr müavini Rafik Danakari açıqlamasında 26 iyunu müqəddəs gün adlandırıb. O bildirib ki, bu gün dini ayinlərin Suqovuşan və Talışda icra edilməsinin xüsusi əhəmiyyəti var:
“Bu gün müqəddəs gündür. Biz bura Qəbələ rayonun Nic qəsəbəsindən gəlmişik. Gəldik ki, buranı ziyarət edək. Hazırda qarşısında dayandığımız bu qədim məbəd V-VI əsrə aiddir. Abidə ermənilərin saxtakarlığına məruz qalıb. Amma bu gün biz sevinirik ki, burdayıq və dini ayinlərimizi məhz bu torpaqlarda icra edə bilirik”.
Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari həmçinin bütün xalqımızı və ordumuzu bu təntənəli gün münasibətilə təbrik edib.
O, Tanrıdan bir daha Azərbaycan torpaqlarında müharibə olmamasını və xalqımızın sülh və əminamanlıq şəraitində yaşamasını diləyib:
“Bu gün bayramdır, Silahlı qüvvələr günüdür. Biz zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülhsevər xalqıq, qonaqpərvər xalqıq. Bu gün bura gəlmişik ki, şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək. Çox şadam ki, biz buna nail olduq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.