BAKI, 24 iyun — Sputnik. Bu günə qədər "YAŞAT" Fonduna 73 milyon 781 min manatdan çox vəsait toplanıb.
Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatında deyib.
O qeyd edib ki, toplanan vəsaitin 61 milyon manatı xərclənib: "İndiyə qədər 2927 şəhid ailəsini ziyarət etmişik. Qeydə alınmış yaralıların sayı isə 5599 nəfərdir".
Xatırladaq ki, bir neçə həftə öncə bir qrup Qarabağ qazisi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.
Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmaması, komissiyaya gec çağırılmalarından şikayətçi olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq onların suallarını cavablandırıb.
F.Talıbov bildirib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır: "Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir.
O qeyd edib ki, onların problemləri mütəmadi şəkildə həll olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.