BAKI, 24 iyun - Sputnik. Lavrov və Bayramovun bugünkü danışıqlar ərəfəsində və onun nəticələri əsasında verdiyi bəyanatlar müharibədən sonrakı Ermənistan-Azərbaycan nizamlanmasına yanaşmalarında Rusiya ilə Azərbaycanın razılığını nümayiş etdirib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Rusiyalı politoloq Andrey Petrov deyib.
Ekspertin qənaətinə görə, Lavrov bir daha qeyd edib ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunda Rusiya ilə əlaqə saxlamaqdan imtina edir və ona görə də bu formatda hər hansı vasitəçilik işindən sadəcə olaraq söhbət gedə bilməz - bu, Qərb həmsədrləri tərəfindən ləğv edilib.
Eyni zamanda, Petrov qeyd edib ki, Ermənistan-Azərbaycan gündəliyinin hər üç əsas məsələsi - kommunikasiyaların açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin imzalanması üzrə - Rusiya və Azərbaycan ilkin olaraq həmrəy idi.
“Əslində, indi bütün vəziyyət Ermənistanı daha fəal şəkildə stimullaşdırmağa, ən əsası isə bəyanatlar verməkdən və eyni zamanda müasir gündəmi keçmiş tələblərlə bulandırmağa çalışmaqdansa, praktiki olaraq bu məsələlərin həllinə yönəlib. Sergey Lavrovun sözlərinə görə, kommunikasiyaların açılması məsələsində müəyyən irəliləyiş var, lakin Yerevan hələ yolların çəkilişinə başlamadığı üçün nədən danışa biləcəkləri hələ bəlli deyil”, - deyə Petrov davam edib.
Agentliyin həmsöhbəti vurğulayıb ki, danışıqlar üçün hər cür şərait yaradıldığından, komissiyaların formatı ikitərəfli olduğundan, Ermənistan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsində vasitəçilərlə təmaslardan əl çəkə bilməyəcək. Rusiya bütün lazımi xəritələri verməyə hazırdır.
“Sergey Lavrovun Bakıya səfərinin nəticələrinin Yerevana birmənalı siqnal verməsi vacibdir: Rusiya Ermənistan-Azərbaycan münasibətlərini elə Azərbaycan qədər və eyni ruhda normallaşdırmaq istəyir, ona görə də Ermənistan adi çaşqınlıq yaratmaq siyasətindən əl çəkib işə başlamalıdır. Müharibədən sonrakı proseslərdə Moskva Bakının regionda real sülhə nail olmaq istəyini dəstəkləyir”, - deyə politoloq yekunlaşdırıb.