BAKI, 24 iyun — Sputnik. Cənubi Amerika ölkəsi Kolumbiyada ilk dəfə üç nəfərdə meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Səlahiyyətlilər Boqotada müəyyən edilən xəstələrin bu yaxınlarda Avropadan gəldiklərini bildiriblər.
Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, yoluxmanın aşkar edildiyi iki nəfər paytaxt Boqotadan, biri isə Medelyindən olub.
Şübhəlilər üzərində aparılan yoxlamalarda laboratoriya testləri müsbət çıxıb və xəstələr təcrid edilib.
İndiyədək meymunçiçəyinə yoluxma artıq 60-a yaxın ölkədə təsdiqlənib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək. Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək.
Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələr Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparılır. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.