BAKI, 24 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsi çərçivəsində mədəniyyət paytaxtına səfəri haqqında təəssüratlarını bölüşüblər.
Layihənin məqsədi Qarabağın dirçəlişi ilə bağlı ictimaiyyətin, yaradıcılıq sənayesi nümayəndələrinin fikirlərini öyrənməkdir. Layihə "Şuşa şəhəri ili" çərçivəsində həyata keçirilir.
Bu dəfə qonaqlar "Musiqinin Şuşa şəhərinə qayıdışı" mövzusunu müzakirə ediblər. Tədbirin kuratoru Azərbaycan Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə olub. O, 2022-ci ilin əvvəlindən Qarabağda həyata keçirilən layihələrdən, həmçinin yaxın gələcəkdə təqdim ediləcək yeni müsabiqələrdən, kitablardan, tədbirlərdən danışıb.
Tanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsində
© Sputnik / Kemale Aliyeva
"Şuşa təkcə tarixi əhəmiyyətə malik deyil, o həm də Azərbaycan mədəniyyətinin beşiyidir. Biz mədəniyyət paytaxtını təbliğ etmək niyyətindəyik. Layihə çərçivəsində müxtəlif bölgələrdən insanları dəvət edəcəyik ki, onlarla müzakirələr aparaq. "Shusha talks"un uğurundan asılı olaraq, biz onu növbəti illərdə də davam etdirməyi planlaşdırırıq", - deyə Qafarzadə bildirib.
Panel müzakirələrində "Cəngi" estrada-folklor ansamblının bədii yaradıcı rəhbəri Mircavad Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii yaradıcı rəhbəri Rüfət Xəlilzadə, əməkdar artistlər Aybəniz Haşımova və Nuriyyə Hüseynova, həmçinin tar ifaçısı Arslan Növrəsli də iştirak ediblər.
Onların hər biri mədəniyyət paytaxtına səfərləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalında çıxışları ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar həmçinin Ermənistan tərəfinin dəfələrlə mənimsədiyi Azərbaycanın ən məşhur bəstələrini, rəqslərini Şuşada təqdim etməyə çalışdıqlarını da qeyd ediblər.
Tanınmış mədəniyyət və incəsənət xadimləri Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Şuşa haqqında söhbətlər" (Shusha talks) layihəsində
© Sputnik / Kemale Aliyeva
"Ölkəmizin bir çox korifeyləri Qarabağdan çıxıblar. Əgər əvvəllər biz doğma torpaqlarımızda çıxış edə bilmirdiksə, indi artıq belə bir imkanımız var. Orada mədəni ənənələrin yenidən bərpa olması, nəinki vətəndaşlarımızın, həm də əcnəbilərin iştirak etməli olduqları bir çox konsertlər, müsabiqələr keçirilməsi çox vacibdir", - deyə Haşımova bildirib.
Qonaqlar Qarabağ mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlərin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.