BAKI, 23 iyun — Sputnik. Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır:
"Eyni zamanda, həmin orqanlar tərəfindən sahibkarlarla müvafiq maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər".
Xatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir.
Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.