BAKI, 22 iyun — Sputnik. Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı deyib.
"Buna görə də imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın", - deyə XİN sözçüsü bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək.
"Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasını aktiv şəkildə təşviq etməyə davam edəcək. Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsini alqışlayırıq”, - deyə Zaxarova bildirib.
O, iyunun 3-də növbəti görüşün keçirildiyini, tərəflərin bir sıra məsələlərlə bağlı mövqelərini yaxınlaşdırdığını xatırladıb. İyunun 16-17-də PBİF çərçivəsində müzakirələr davam etdirilib.