BAKI, 22 iyun — Sputnik. Kalininqrada tranzitin məhdudlaşdırılmasına cavab variantları hələ də müzakirə edilir, Rusiya hökuməti müxtəlif tədbirləri nəzərdən keçirir. TASS xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Tədbirlər hazırlanır. Biz hər şeyi diqqətlə ölçüb-biçdikdən sonra məlumat verəcəyik", - deyə o, konkret qərarların hələ də müzakirə olunduğunu bildirib.
Kreml sözçüsü qeyd edib ki, müxtəlif tədbirlərdən danışmaq olar.
"Rusiya Litva tərəfindən Kalininqradın nəqliyyat blokadasına reaksiyanı seçərkən konkret forma və ya vaxta diqqət yetirmir. Əsas odur ki, məhdudiyyətlərə cavab verilsin", - deyə Peskov bildirib.
"Burada bizim üçün əsas odur ki, bu cür qeyri-dost addımlara cavab verək. Rusiya hökuməti əmindir ki, Litva ərazisindən Kalininqrada yüklərin tranzitinə qoyulan məhdudiyyət fundamental sənədlərə ziddir", - prezidentin mətbuat katibi fikirlərini yekunlaşdırıb.
Kremlin nümayəndəsi dəqiqləşdirib ki, söhbət, xüsusilə, 1994-cü ildə Rusiya ilə Avropa İttifaqı arasında bağlanan razılaşmalardan gedir. "Orada 94-cü il müqaviləsi də var, digərləri də", - deyə Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında 24 iyun 1994-cü il tarixli sazişə əsasən, ölkələr "gömrük ərazisindən çıxan və ya qarşı tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların öz ərazisindən sərbəst tranzitini" təmin etməlidirlər.
O, konkret tədbirlərin hələ də müzakirə olunduğunu təsdiqləyib. "Biz əminik ki, Avropa İttifaqının qəbul etdiyi bu qeyri-qanuni sanksiyalar bu vəziyyətdə tətbiq oluna bilməz. Bu sanksiyaların Kalininqrada tranzitdə tətbiqi sadəcə olaraq fundamental sənədlərə ziddir", - Kreml sözçüsü deyib.
"Litvanın Kalininqrad vilayətinə yük tranziti məsələsi ilə bağlı hərəkətləri bütün mövcud razılaşmaları pozur. Aİ-nın Rusiya Federasiyasına qarşı sanksiyaları isə bu halda qəbuledilməzdir. Biz əminik ki, Avropa İttifaqının qəbul etdiyi qanunsuz sanksiyalar bu vəziyyətdə qətiyyən mümkün deyil", - deyə Peskov jurnalistlərə bildirib.
Litva Dəmir Yolları Kalininqrad vilayətinin Dəmir Yollarını xəbərdar edib ki, onlar iyunun 18-dən Avropanın sanksiyaları səbəbindən Rusiyanın regionlarından bölgəyə bir sıra yüklərin tranzitini məhdudlaşdırıblar.