BAKI, 22 iyun — Sputnik. Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi "Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, "Azərenerji" ASC, "Azərişıq" ASC ilə birlikdə 2022-2026-cı illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.
Həmçinin azad olunmuş ərazilərdə "yaşıl enerji"yə dair tariflər müəyyənləşəcək. Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi ilə birlikdə 2022-2024-cü illər ərzində azad olunmuş ərazilərdə "yaşıl enerji"yə dair tarif tənzimlənməsinə dair təklifləri hazırlamalı və təsdiq etməlidir.
Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək. Tədbirlər Planına əsasən, Energetika Nazirliyi "Azərenerji" ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.
Nazirlik 2022-2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.