CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya qadağaları ləğv olunmalıdır - Deputat

Həkimlər Birliyinin sədri isə bildirir ki, PCR testi tələbinin ləğvi ölkəmizə koronavirus xəstələrinin gəlmə riskini artıra bilər.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Dünən Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verdi. Bu gündən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər ləğv edildi.
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi qüvvədən düşdü.
Həmçinin, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ortadan qalxdı.
Bununla belə, pandemiya dövründə qəbul edilmiş bir neçə qadağa hələ də ləğv edilməyib. Azərbaycana daxil olmaq üçün PCR testi tələbi bu gün də qüvvədədir.
PCR covid testi, arxiv şəkli
Eyni zamanda, iri ticarət mərkəzləri, mehmanxanalar, istirahət zonaları, restoranlar və digər ictimai yerlərin girişlərində COVID pasportlarının yoxlanılması davam edir. Azərbaycanın quru sərhədləri də bu günədək bağlı olaraq qalır.
Bəs görəsən, mövcud pandemiya vəziyyəti nəzərə alınaraq bu qadağaların hansı ləğv edilə bilər?
Deputat Aqil Abbas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə qəbul edilmiş qaydaların hamısı ləğv olunmalıdır:

”Pandemiya başa çatıb. O dövrdə qəbul edilən qaydalar həmin vaxt üçün lazım idi. Hələ də o qaydaları qüvvədə saxlamağın heç bir mənası yoxdur. Quru sərhədlər açılmalıdır. Restoran və iri ticarət mərkəzlərində COVID pasportu tələb etməyin nə mənası var? Hamısını ləğv etsinlər”.

Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm isə pandemiya dövründə qəbul edilmiş bəzi qadağaların saxlanılmasının zəruri olduğu qənaətindədir. O bildirir ki, turizm mövsümündə PCR testi olmasa, ölkəmizə koronavirus xəstələrinin gəlmə riski arta bilər:

”Venesuelanın prezidenti Nikolas Maduronun heyətində Azərbaycana gəldikdə koronavirus aşkarlandı. PCR testi tələbi olmasa idi, bu çox sayda insanın ölkəmizdə virusa yoluxmasına səbəb olacaqdı”.

Ə.Rüstəm pandemiya qadağalarının tədricən ləğv edilməsinin daha düzgün qərar olduğunu söylədi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.