BAKI, 20 iyun — Sputnik. Özbəkistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də səfərini gözləyir. Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu il iyunun 21-22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dövlət səfərində olacaq", - məlumatda deyilir.
Mətbuat xidmətindən bildirilib ki, sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
İki ölkə liderlərinin qarşılıqlı ticarətin həcminin artırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat-tranzit sektorunda imkanlardan səmərəli istifadəyə, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsinə xüsusi diqqət yetirəcəyi planlaşdırılır.
"Bundan başqa, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun inkişaf etdirilməsi və qarşılıqlı dəstəyi müzakirə edəcəklər. Yüksək səviyyəli danışıqların nəticəsi olaraq ikitərəfli sənədlərin imzalanacağı gözlənilir", - Mirziyoyevin mətbuat xidmətindən bildirilib.