VİDEO

Süfrələrin bəzəyi - gilas mürəbbəsi: Quba sakinindən ustad dərsi

Yay mövsümündə ən çox bişirilən mürəbbələrdən biri də gilas mürəbbəsidir. Gilasın iki növü - ağ və qara gilas mürəbbəsi ən çox sevilən təamlardan sayılır. Bir çox insanların sevdiyi ağ gilas mürəbbəsi həm görünüşünə, həm də dadına görə süfrələrin bəzəyi sayılır.
Sputnik
Gilas demək olar ki, Azərbaycanın bütün bölgələrində yetişir. Amma Quba və Xaçmaz rayonlarında daha çox məhsul toplanır. Gilas mürəbbəsi ağız dadına uyğun olaraq bəzən tumlu, bəzən isə tumsuz şəkildə bişirilir.
Onu da qeyd edək ki, hər kəs ağ gilas mürəbbəsini yaxşı hazırlaya bilmir. Belə ki, hazır mürəbbənin rəngi şəffaf olmalıdır.
Bəzən gilaslar əzilir, ya da mürəbbənin suyunun rəngi tünd olur. Buna görə də mürəbbəni hazırlayan zaman daha diqqətli olmaq lazımdır.
Bu dadlı mürəbbənin bişirilmə qaydasını bizə illərdir bu işin ustası olan Quba rayon İkinci Nügədi kənd sakini Nuriyyə Abdullayeva göstərir. O, uzun illərdir ki, öz həyətinin məhsulunu yığıb qışa tədarük görür. Nuriyyə xanım gilas mürəbbəsinin ən gözəl bişirmə qaydasını təqdim edir.
Gilas mürəbbəsi üçün lazım olan ərzaqlar:
- 1 kq ağ gilas;
- 800 qram şəkər tozu;
- limonun yarısı;
- 2 stəkan su.
Nuriyyə xanım ağ gilas mürəbbəsini tumu çıxarılmış formada bişirir. Əvvəlcə gilas yığılır və yaxşıca yuyulur. Yuyulduqdan sonra onun tumu çıxarılır. Tumu çıxarılmış gilasın üzərinə şəkər tozu və su əlavə edilib ocağa qoyulur. Qaynadıqca mürəbbənin kəfi yığılıb atılır. Daha sonra mürəbbəyə doğranmış limon əlavə edilir. Təxminən 45 dəqiqəyə mürəbbə hazır olur.
Gilas mürəbbəsi bir çox xəstəliklərin - mədə-bagırsaq xəstəliklərinin, soyuqdəymənin müalicəsində istifadə olunur.
Onu da qeyd edək ki, mürəbbənin daha dadlı olması üçün bəzən giləmeyvənin içinə qoz və yaxud fındıq ləpəsi də əlavə olunur.