BAKI, 18 iyun - Sputnik. Bu ilin 5 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat təşkil edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov yazıb.
"Bu dövrdə ixrac 538,4 milyon kVt/saat, idxal isə 60,5 milyon kVt/saat olub.Yanvar- may aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 118 milyon kVt/saat artımla 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib", - nazir qeyd edib.
Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 046 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.
Apreldə ölkəyə elektrik enerjisinin idxalı 10 milyon kVt/saat olmaqla 1 il əvvələ nisbətən 5,1 milyon kVt/saat , elektrik enerjisinin ixracı isə 11 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36 milyon kVt/saat az olub.
2022-ci ilin yanvar-aprel aylarında isə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % artaraq 9 milyard 240,1 milyon kVt/saat olub.