RUSİYA

Putin: Avropa siyasətçiləri öz əlləri ilə iqtisadiyyatlarına ciddi zərbə vurdular

Vladimir Putin: Qərb ölkələrinin elitası tarixin gedişatına qarşı durmağa çalışır, ötən əsrin şərtləri ilə düşünürlər - onlar illüziyalara qapılır və dəyişiklikləri sezmək istəmirlər.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Avropa siyasətçiləri iqtisadiyyatlarına öz əlləri ilə ciddi zərbə vurdular, orada qiymətlər qalxır.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı (PBİF) çıxışı zamanı bildirib.
"Avropalı siyasətçilər artıq öz iqtisadiyyatlarına ciddi zərbə vurublar. Bunu özləri ediblər", - deyə o, sözünə davam edib.
"Biz Avropada, eləcə də ABŞ-da sosial və iqtisadi problemlərin necə ağırlaşdığını görürük. Malların, ərzaqların, elektrik enerjisinin və avtomobil yanacağının qiymətinin necə artdığını görürük", - deyə Putin əlavə edib.
Onun fikrincə, Qərb ölkələrinin hakim elitaları tarixin gedişatına qarşı durmağa çalışır, ötən əsrin nöqteyi-nəzərindən düşünürlər - illüziyalara qapılır və dəyişiklikləri sezmək istəmirlər.
Dövlət başçısının vurğuladığı kimi, iqtisadiyyatda və beynəlxalq siyasətdə baş verən hazırkı dəyişikliklər "fundamental, dönüş və amansız xarakter daşıyır".
"Və keşməkeşli dəyişikliklər zamanı, necə deyərlər, oturub gözləmək olar ki, guya hər şey öz axarına qayıdacaq və əvvəlki kimi olacaq. Bu, olmayacaq. Ancaq belə görünür ki, Bəzi Qərb ölkələrinin hakim elitaları sadəcə olaraq, bu cür illüziyalar içərisindədirlər. Onlar aşkar şeylərə diqqət yetirmək istəmirlər, inadla keçmişin kölgəsindən yapışırlar", - deyə Putin bildirib.
"Məsələn, onlar hesab edirlər ki, Qərbin qlobal siyasətdə və iqtisadiyyatda hökmranlığı dəyişməz, əbədi dəyərdir. Heç nə əbədi deyil. Üstəlik, həmkarlarımız nəinki reallığı inkar edir, tarixin gedişatına qarşı durmağa çalışır, ötən əsr kateqoriyaları baxımından düşünürlər və öz yanlış fikirlərinin əsiridirlər", - deyə prezident qeyd edib.
İyunun 15-dən 18-dək Sankt-Peterburqda XXV, yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşı kimi çıxış edir.
RUSİYA
Putin: Rusiyada iqtisadi dinamika stabilləşir