CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu hallarda istilik enerjisinin verilişi dayandırılacaq

"Elektroenergetika haqqında" qanuna dəyişiklik sonuncu oxunuşda təsdiq edilib
Sputnik
BAKI, 17 iyun - Sputnik. Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.
Bununla bağlı "Elektroenergetika haqqında" qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılacaq:
- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda;
- məhkəmənin qərarı ilə;
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.