BAKI, 16 iyun — Sputnik. Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilən "Akkuyu" AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq. Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində keçirilən "Yaşıl enerji": yeni dövrün çağırışları" adlı paneldə bildirib.
"Son 20 ildə Türkiyədə elektrik enerjisinə tələbat 3 dəfə artıb və biz onun növbəti 20 ildə də artacağını gözləyirik. "Akkuyu" AES-in ilk enerji bloku gələn il istifadəyə veriləcək", - deyə nazir vurğulayıb.
Bayraktar qeyd edib ki, Paris iqlim sazişinin ratifikasiyasından sonra Türkiyə 2050-ci ilə qədər iqtisadiyyatını karbonsuzlaşdırmalı olacaq.
"Bu baxımdan biz təbii qaza və atom enerjisinin inkişafına böyük əhəmiyyət veririk", - deyə Bayraktar əlavə edib.
Xatırladaq ki, "Akkuyu" AES Türkiyənin cənub sahilində yerləşən atom elektrik stansiyasıdır. O VVER-1200 reaktorlu dörd enerji blokunun tikilib istifadəyə verilməsini əhatə edən Rusiya layihəsinə uyğun olaraq tikilir. Stansiyanın inşası ilə bağlı saziş 2010-cu ilin mayında imzalanıb. Bu gün "Akkuyu" elektrik stansiyasının inşası dünyanın ən böyük atom tikinti layihələrindən biridir. Tikinti sahəsində hər gün 13 mindən çox insan çalışır, 1000-dən çox tikinti texnikası və nəqliyyat vasitəsi bura cəlb olunur.