BAKI, 16 iyun — Sputnik. İran, Rusiya və Türkiyə Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatını müzakirə ediblər. Bu barədə Rusiya prezidentinin Suriya məsələsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
İyunun 15-16-da Qazaxıstanda "Astana" prosesinin təminatçısı ölkələrinin (Rusiya, Türkiyə, İran), Suriya hökuməti və müxalifətinin, eləcə də BMT nümayəndələrinin iştirakı ilə Suriyada nizamlanma üzrə yüksək səviyyəli danışıqlarının 18-ci raundu keçirilir.
"Məsləhətləşmələr davam edir. Dünən kifayət qədər intensiv təmaslar oldu, demək olar ki, bütün İran, Türkiyə nümayəndə heyətləri ilə danışdıq. Təbii ki, əsas diqqət Türkiyənin Suriyada hərbi əməliyyat keçirmək niyyətinə yönəldi", - deyə o bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyə tərəfini problemi sülh yolu ilə həll etməyə inandırmağa çalışıb.
Lavrentyev vurğulayıb ki, hazırda tərəflər yekun bəyanatın parametrləri üzrə razılığa gəlir, həmçinin müşahidəçilər - Livan, İraq və İordaniya nümayəndələri ilə məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin ölkə sərhədlərində "antiterror əməliyyatları"na başlayacağını və bu məsələ ilə bağlı tezliklə qərar veriləcəyini bildirmişdi. KİV-in məlumatına görə, əməliyyatlar Suriyanın 4 bölgəsində keçiriləcək.