BAKI, 16 iyun — Sputnik. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkədə dollar və avronun dövriyyəsinə qadağa qoyulmayacağını deyib.
Elvira Nabiullina bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyada dollar və ya avroya qadağa qoyulmasının mümkünlüyü barədə suala cavab verərkən bildirib.
Rusiya Mərkəzi Bankının sədri, eyni zamanda, vətəndaşların xarici valyutada olan əmanətlərinin müsadirə edilməyəcəyini deyib.
Onun sözlərinə görə, Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır. Lakin Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan dollardan tam imtina etmək niyyəti yoxdur.
"Dollar və avroya hələ də tələbat var, müəyyən idxal əməliyyatları bu valyutalar vasitəsilə aparılır. Lakin xarici ticarətdə tədricən milli valyuta ilə hesablaşmalara keçid ediləcək", – deyə Rusiya Mərkəzi Bankının sədri vurğulayıb.
Qeyd edək ki, bir sıra Qərb ölkələri tərəfindən Moskvaya qarşı tətbiq olunan sanksiyalardan sonra RF Mərkəzi Bankı ölkədə nağd valyutanın dövriyyəsini məhdudlaşdırıb.