BAKI, 16 iyun — Sputnik. Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasını keçirdik və gələcək addımları planlaşdırmağa çalışdıq. Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
"Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Əlbəttə, problemin həlli o qədər də asan deyil. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.