BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Pianoçular festivalı” təşkil edilib.
Gəncə Regional Mədəniyyət İdarəsindən Azərtac-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Sonra tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın taleyində böyük əhəmiyyəti olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib, Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş olunub.
Festivalda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, Əməkdar artisti Kəmalə Tağızadənin və Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, gənc pianoçu Mürsəl Əsgərzadənin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda festivalda iştirak edən müəllim və şagirdlər fəxri fərmanlarla təltif olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.