BAKI, 15 iyun — Sputnik. Marşrut avtobuslarında vəziyyət o qədər acınacaqlıdır ki, bu narahatlığı, əzabı, işgəncəni təsvir etməyə söz acizdir. Xalq dastanlarımızda deyildiyi kimi, “sözlə desəm dilim od tutub yanar, icazə verin sazla deyim”. Bəli, həzərat! Bu dərd, problem o qədər ağırdır ki, xüsusilə yayın isti havalarında adam od tutub yanır. Bu arada qeyd edim ki, elə marşurutlar var ki, sərnişinlərəcəhənnəmi bu dünyada yaşatmaqdan zövq alır. Bu durumda əgər imkanım olsa üçtelli sazı sinəmə basıb, bütün gün Bakı Nəqliyyat Agentliyinin qarşısında sərnişinlərin çəkdiyi əzabdan, avtobus sürücülərinin naşılığından, laqeydliyindən, kobudluğundan dastan bağlayardım.
***
Son günlər “Formula 1” Azərbaycaan Qran Prisi səbəbilə Bakının “gözəl” küçələri daha da “gözəlləşmişdi”. Məsələn, Yasamal rayonu istiqamətində hərəkət edən marşurut avtobusu qəfildən Əhmədlidə və ya Lökbatanda peyda olur və sürücü laqeydliklə çiyinlərini çəkir: “Düşün, çatmışıq. Görürsüz də, yollar bağlıdır. Burdan o tərəfə birtəhər gəzə-gəzə gedərsiniz”. Vəziyyət təxminən belədir. Gəzmək sağlamlıqdır, amma yayın istisində, işdən yorğun çıxan vətəndaş üçün bu gəzinti zülümdür.”Formula 1” yarışlarından söhbət düşəndə Bakının adının çəkilməsi xoş ola bilər, amma şəhərin bu qədər sıx, naxoş durumunda belə mənasız və məzmunsuz yarışın vətəndaşa faktiki heç bir faydası yoxdur.
Azarkeşləri məni qınamasın, dünyada korrida və rodeodan sonra bəlkə də ən böyük axmaqlıq, çılğınlıq “Formula 1” yarışıdır. Şəxsən mən belə mənasız əyləncələri böyük biyabırçılıq və mənasızlıq hesab edirəm. Bu məqsədlə ölkəyə gələn turistdən də, bizə bir fayda yoxdur. Hansısa idman avtomobilinin bir neçə saniyəlik qarşından yüksək sürətlə keçməsi səndə hansı estetik zövq formalaşdıra bilər? Bilmirəm, bəlkə də mənim geridəqalmış beynim bütün bu sərsəmliklərdən zövq almaqda acizdir. Ya da o qədər kasıbam ki, bu kübar və əsilzadə çılğınıqlarından heç nə anlamıram. Ola bilər. Sadəcə düşünürəm ki, bu mənasız yarışdansa ölkədə beynəlxalq kinofestivallar, kitab yarmarkaları, elm və texnalogiya ilə bağlı tədbirlər keçirilsin. Məsələn, ötənlərdə keçirilən “Teknofest”ə görə məni evə qapatsalar da, səsim çıxmaz. Amma “Formula 1” kimi mənasız bir yarışa görə nəqliyyatın iflic olması, getmək istədiyin ünvana “yeddi gün, yeddi gecə”yə çatmaq adamı bir az pərt eliyir.
***
Əslində Bakının küçələrindəki xoşagəlməz vəziyyət adi günlərdə də bitmir. Sadəcə indi bu basabasa, ucsuz-bucaqsız tıxaclara, xaosa əsaslı bəhanə var. Məsələn, Xırdalan, Lökbatan yolunda yaranan tıxacla bağlı gileylənirsən, cavab verirlər ki, “Formula 1-ə görədir, müvəqqəti çətinlikdir”. Halbuki, Bakı-Xırdalan yolunda 24 saat tıxac və xaos bitmir. Xırdalana, Masazıra və Sumqayıta işləyən, el arasında “manatlıq taksi” kimi tanınan taksilər, bu yolların qəniminə çevrilib. Şəxsən müşahidə etmişəm, Yol Polisi əməkdaşları da “manatlıq taksi” sürücülərini nizamlamaqda acizdir, daha doğrusu gözləri görə-görə nizamlamırlar. Kim istəsə axşamlar “20 yanvar” metrostansiyası ətrafındakı mənzərəni şəxsən müşahidə edə bilər.
BNA marşrut xətlərinə və xətlərə çıxarılan avtobuslara normal nəzarət edə bilmir, ya da kiminsə xatirinə, nəyinsə müqabilində şəhərlərarası nəqliyyata nəzarət edilmir. Düşünün, Xırdalana, Masazıra, Sumqayıta, Bakının böyük kəndlərinə, Bakıətrafı qəsəbələrə normal intensivliklə, normal qrafiklə marşurutlar işləsə, “manatlıq taksi”lərə ehtiyac qalarmı? Bəs BNA nə ilə məşğul olur? Deyilənə görə qəşəng cərimə yazmaqları var bu qurumun əməkdaşlarının. Bax bu işdə çox bacarıqlı və acımasız olduqlarını dəfələrlə eşitmişəm. İnsafən, bir işi də yarıtmaqları vəzifə məsuliyyəti baxımından müsbət haldır.
***
Bakıda ictimai nəqliyyat əlçatan deyil. Xüsusilə yuxarıda qeyd etdiyim marşurut xətlərində vəziyyət lap acınacaqlıdır. BNA isə cərimə yazmaqda fərasətli olsa da, şəhərdə ictimai nəqliyyatın əlçatanlığı üçün ancaq öyüd-nəsihət və tövsiyə verir. Bəli, BNA “Formula 1” Azərbaycan Qran Prisi ərəfəsində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün faktiki heç nə də bilmir və ya etmək istəmir.
Tövsiyəni isə hər gün sosial şəbəkələrdə blogerlər, vlogerlər, yutuberlər, jurnalistlər də verə bilər. Dərinə getsək mən də tövsiyə verə bilərəm. Hətta yeri gəlmişkən BNA-ya bir tövsiyə verim: Hörmətli BNA rəsmiləri, tövsiyə edirəm ki, müntəzəm marşrut xətlərində vəziyyəti nizamlamaq üçün daha çox çalışın, xalqı, girinc-giriftar qalmış əhalini də düşünün. Yəni, lazım gəlsə hamı tövsiyə verə bilər, paytaxtda ictimai nəqliyyata cavabdeh olan qurum isə tövsiyə vermək əvəzinə əməli işlər görsə daha faydalı olar.