PAYTAXT XƏBƏRLƏRİ

Taksi sürücüləri etiraz doğurur: Qadın müştərilərə əxlaqsız təkliflərin sayı niyə artıb?

Hüquq müdafiəçisi bildirib ki, taksi sürücüləri arasında narkotik aludəçisi, alkoqollu içki istifadəçiləri, psixoloji problemi olanlar da var.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Özəl taksi şirkətləri ilə bağlı problemlər hüquq müdafiəçilərinin etirazlarına səbəb olub.
Onlar taksi sürücülərinin bəzi hallarda qadın müştərilərinə əxlaqsız təkliflər etdiklərini bildiriblər.
"Müəyyən şəxslər özlərinə məxsus avtomobilləri taksi xidməti məqsədilə başqalarına icarəyə verirlər. Həmin taksi sürücüləri isə yoxlanışdan keçmirlər. Nəticədə öz ləyaqətsiz əməlləri ilə vətəndaşlar arasında haqlı narazılıq yaradırlar", - deyə hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadə bildirib.
"Taksi sürücüsü olan hər kəs müəyyən yoxlamalardan keçməlidir. Yalnız bundan sonra avtomobil taksi xidməti göstərmək məqsədilə həmin sürücülərin istifadəsinə verilə bilər. Çünki taksi də ictimai nəqliyyatın bir növüdür", - Qənizadə deyib.
O, bildirib ki, bu sürücülərin narkoloji, psixoloji və digər nüanslara görə yoxlamaları aparılmır:
"Sonradan məlum olur ki, taksi sürücüləri arasında narkotik, alkoqollu içki istifadəçiləri, psixoloji problemi olanlar var. Hətta araşdırmalarla bəlli olur ki, belə şəxslər arasında sürücülük hüququ olmayanlar da var".
Qənizadə sürücülərin yarada biləcəyi problemlərin yalnız bununla bitmədiyini də vurğulayır. Onun sözlərinə görə, xanımlar taksiyə əyləşərkən bəzən sürücülər tərəfindən əxlaqsız hərəkətlər və təkliflərlə üzləşirlər. Bunların qarşısının alınmasının yolları düşünülməlidir.
Son günlər Bakıda "Formula 1" Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar olaraq taksi sürücülərindən şikayətlər də artıb. Sosial şəbəkə istifadəçiləri taksi sürücülərinin paytaxta gələn turistlərə qarşı mədəniyyətsiz davrandıqlarına və onları müxtəlif fırıldaqlarla aldatmağa, soymağa çalışdıqlarına dair onlarla haldan bəhs ediblər.
Ümumiyyətlə isə son vaxtlar taksi sürücüləri arasında müştərilərini soyan, xanım müştərilərə və məktəblilərə əxlaqsız təklif verənlərin sayı artıb. Paytaxt sakinləri taksi sürücülərinin bəzən anlaqsız vəziyyətdə, narkotik maddələrin təsiri altında olduqlarını da qeyd edirlər.
Görünür, belə hallar cəmiyyəti narahat etsə də, taksi xidməti göstərməklə məşğul olan şirkətləri, həmçinin hüquq-mühafizə orqanlarını narahat eləmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
YAZARLAR
"Taksi problemi": keçmişin nostalgiyası, günümüzün reallığı