TƏHSİL

DİN "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib

Təhsil nazirliyindən bildirilib ki, şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Bu gün ümumi təhsil müəssisələrində "Son zəng" günüdür. Təhsil naziri Emin Əmrullayevin əmri ilə "Son zəng" tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur.
"Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. "Son zəng" müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Bu günlə əlaqədar olaraq Daxili İşlər Nazirliyi valideyn və məzunlara müraciət edib.
Müraiciətdə deyilir:

"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.