BAKI, 14 iyun — Sputnik. Cari ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir. Bu barədə İdarənin yaydığı məlumatda deyilir.
Məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrinin XI siniflərini 23 505 nəfər şagird bitirərək məzun adını qazanır.
"Bakının ümumi təhsil müəssisələrinin I siniflərini 46 470, IX siniflərini 35 100, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə ümumilikdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub. Paytaxt üzrə 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Bu qruplara 25 484 uşaq cəlb olunub".
Məlumatda o da bildirilir ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.