BAKI, 14 iyun — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibliyindən Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edilib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Əli İsa Cabbarov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir:
Cabbarov bildirir ki, gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, qurumun üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarına hörmətlə yanaşır:
"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik".
Xatırladaq ki, bir müddət öncə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Bu hadisə ictimaiyyət tərəfindən təqdir edilsə də, bəzi adamlar bu seçimə qarşı çıxıblar. Məsələn, Xalq artisti Əbdül Mahmudov Rasim Balayevin bu seçkilərə getməsini milli kinomuza xəyanət adlandırıb.
Tanınmış kinorejissor Ayaz Salayev isə Rasim Balayevin artıq qocaldığını və heç bir pozitiv dəyişikliklik qabiliyyətinin olmadığını söyləyib.
Qeyd edək ki, ötən gün Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.
İttifaq İdarə Heyətinin üzvlərini təqdim edib: Anar Rzayev (Xalq yazıçısı), Rasim Balayev (Xalq artisti), Firəngiz Qurbanova(Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi), Cəmil Fərəcov (kinorejissor, Əməkdar incəsənət xadimi), Baba Vəziroğlu (şair, tərcüməçi, Əməkdar incəsənət xadimi), Əli İsa Cabbarov (kinorejissor, prodüser, ssenarist), Oleq Səfərəliyev (kinorejissor) Ziya Şıxlinski (kinorejissor), Əsəd Əsədov (səs operatoru, Əməkdar mədəniyyət işçisi), Nizami Abbas (rejissor, Əməkdar incəsənət xadimi), Tahir Tahiroviç (kinorejissor), Həmidə Ömərova (Xalq artisti), Şükufə Yusupova (Xalq artisti), Lalə Əfəndiyeva (prodüser, "Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu" İctimai Birliyinin direktoru), Mirbala Səlimli (teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi) Cavid İmamverdiyev (kinorejissor, prodüser), Məbud Məhərrəmov (Xalq artisti), Fatimə İbrahimbəyova (aktrisa, prodüser), Qulu Məhərrəmli (filologiya elmləri doktoru, professor), Nadir Bədəlov (sənətşünas, ssenarist), Rövşən İsax (kinoejissor).