BAKI, 13 iyun — Sputnik. Təhsil naziri Emin Əmrullayev Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğramasına münasibət bildirib.
Nazirin sözlərinə görə, valideyn qrupları tərəfindən təşkil olunan tədbirlərlə bağlı yalnız ehtiyatlı olmağı tövsiyə edə bilər.
"İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir. Məsələn, biz Şuşaya səfər təşkil etmişdik. 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideyn qrupları öz övladları ilə harasa gedirsə, bu halda mənim tövsiyəm bu olar ki, ehtiyatlı olsunlar. Bizim tərəfimizdən birmənalı olaraq təşkil olunan tədbirlər zamanı müvafiq tədbirlər görülür. Səhiyyə qurumları ilə, polislə əməkdaşlıq edilir. Mən onlara buna görə təşəkkür edirəm. Amma ayrı-ayrı valideyn qruplarının təşkil etdiyi tədbirlərə nəzarət də bir o qədər asan məsələ deyil. Çünki Azərbaycan azad ölkədir və istənilən valideyn qrupu öz övladları ilə harasa gedə bilər. Bu zaman qəzaların baş verməsi nə qədər xoşagəlməz olsa da, heç kim bundan sığortalanmayıb", - nazir vurğulayıb.
Emin Əmrullayev qeyd edib ki, hazırda vəziyyət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir: "Biz istənilən halda, həmişə uşaqların yanındayıq və istəyirik ki, hansısa mürəkkəbləşmə olmasın. Müəyyən xəsarət alan uşaqlar var ki, onların müalicəsi davam etdirilir. Şükür ki, daha ciddi fəsadlar olmayıb. İstəməzdik ki, belə hallar olsun, amma Azərbaycanda yol qəzaları olur".
Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu Şamaxıda qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (APA)