BAKI, 13 iyun — Sputnik. İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş etmişdi.
Sürücülərə 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunmuşdu.