BAKI, 13 iyun — Sputnik. Finlandiya və İsveçə tez bir zamanda alyansa girəcəklərini vəd edən NATO Türkiyədən sərt mövqe gözləmirdi. Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bazar ertəsi Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.
"Əvvəllər (İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesindən qabaq) bu məsələdə hər hansı problemin olacağına inanmağa heç bir əsasımız yox idi", - deyə Stoltenberq bildirib. O, "Türkiyənin narahatlığının" yeni bir şey olmadığını əlavə edib.
"Müttəfiqlər təhlükəsizliklə bağlı narahatlıqları qeyd etdikdə, biz buna diqqət yetirməliyik", - deyən Stoltenberq "uyğun vaxtda" fikir ayrılıqlarının həll ediləcəyinə ümid etdiyini bildirib.
"Mənim məqsədim Finlandiya və İsveçin mümkün qədər tez NATO-ya üzv olmasıdır. Bu, digər (müttəfiqliyə) üzvlük prosesləri ilə müqayisədə daha sürətli ola bilər", - NATO-nun baş katibi deyib. O, həmçinin qeyd edib ki, Alyansın iyunun sonunda Madriddə keçiriləcək sammitinə qədər tərəflərin mütləq kompromis əldə etməsi şərt deyil.
“Türkiyənin terrorla mübarizə kontekstində narahatlığı qanunidir, çünki NATO müttəfiqlərindən heç biri terror hücumlarından Türkiyədən daha çox zərər görməyiblər”, - Stoltenberq yekunlaşdırıb.
Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff mayın 18-də dövlətlərinin alyansa qoşulması üçün ərizələrini Stoltenberqə təhvil veriblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün bildirib ki, sözügedən ölkələr terror təşkilatlarına, xüsusən də Kürd Fəhlə Partiyasına (PKK) münasibətini müəyyən etməyincə, Ankara onların NATO-ya qəbulunu dəstəkləməyəcək.
Mayın 21-də Ərdoğan Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı Ankara ilə açıq şəkildə həmrəylik nümayiş etdirdikləri təqdirdə sözügedən dövlətlərin NATO-ya daxil olmasını dəstəkləyəcəyini açıqlayıb.