BAKI, 13 iyun - Sputnik. Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına 0:2 hesabı ilə uduzmalarını şərh edərkən heyrətə gəldiyini deyib.
"Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm", - deyə Kondratyev Azərbaycan yığmasına 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
62 yaşlı mütəxəssis hücumçu baxımından problem yaşadıqlarını söyləyib: "Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir".
Kondratyev rəqibi yaxşı analiz etdiklərini sözlərinə əlavə edib: "Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik".
Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: "Bu, bizə təsir etdi. Evdən kənarda oynamaq çox çətindir".
Mütəxəssis Azərbaycan yığmasının sürətli və qısa ötürmələrlə çıxış etdiyini də diqqətə çatdırıb.