BAKI, 13 iyun — Sputnik. 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.
Xatırladaq ki, Müdafiə Nazirliyi cari ilin fevralında döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında "Snayper hazırlığı" kursunu davam etməsi barədə məlumat vermişdi.
Kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.
Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.