PAYTAXT XƏBƏRLƏRİ

"Azad qadın" heykəli niyə hasara alınıb?

Abidələrin üzərində işlər Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla aparılır.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Metronun "Nizami" stansiyasının qarşısında yerləşən, bir neçə gün öncə ətrafı hasarlanan "Azad qadın" heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Hasarlanma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.
N.Allahyarovanın sözlərinə görə, "Azad qadın" heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur.
Qeyd edək ki, "Azad qadın" heykəli Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanıb.
MƏDƏNİYYƏT
Atabəylər dövrünə aid sikkələr bərpa olunub