BAKI, 12 iyun — Sputnik. Azərbaycan teatrlarının divarları çoxdan gurultulu alqış səslərini unudub. Teatrı, səhnəni sevən, anlayan, duyan tamaşaçılar ənənəsi və şanlı keçmişi olan teatrımızdan uzaq düşüb. Bu da azmış kimi, nadir hallarda teatrlarımızda tamaşaçının maraq dairəsinə uyğun, müasir əsərlər görürük.
İnsanın Marsı, Ayı "su yoluna döndərdiyi", metavörsdən danışdığı, sosial şəbəkələrdə itib-batdığı dünyada bizim səhnələrimizdə hələ də zamanı keçmiş, 50-60 il əvvəlki tamaşaçının zövqünə uyğun tamaşalar hazırlanır.
"Kitab oxuyun" yazmaqla bu işlər düzəlmir
Çox təəssüf ki, teatrlarımız zamanla ayaqlaşa bilmir, yeniliklərə göz yumur və bunun nəticəsində tamaşaçı itirir, nüfuzdan düşür. Qələm adamları, ziyalılarımız "kitab oxuyun, teatra gedin, film izləyin, musiqi zövqünüzə diqqət edin" yazmaqla bu işlər düzəlmir və mənə elə gəlir ki, bu gedişlə düzəlməyəcək də. Sanki bəzi şeylərin təməli sarsılıb, sənətin mayasına haram qatılıb.
Azərbaycan tamaşaçısının da, sənətçisinin də teatr zövqü yenilənməlidir. Bunun üçün isə teatrlarda ciddi islahatlar aparılmalıdır. Gənc rejissorlara, dramaturqlara, yenilikçi düşüncələrə meydan vermək lazımdır. Dövlətdən maliyyələşən sənət ocaqlarımızın əksəriyyəti intiriqa, dedi-qodu yuvasıdır. Teatrların kulisində müasir sənətdən, müasir baxışlardan, yeni teatr yanaşmasından başqa hər şey müzakirə olunur. Az-çox xəbərdar olduğum söhbətlər belə, insanı teatrdan, sənətdən soyudur. Təbii ki, bu zehniyyətlə böyük sənət yaratmaq bir yana qalsın, heç sənət haqqında düşünmək də mümkün deyil.
Boş teatr səhnəsi, arxiv şəkli
© AFP 2024 / NATALIA KOLESNIKOVA
Teatr kiminsə atasından miras qalan mülk deyil
Teatrların repertuarları, repertuarlardakı əsərlər tamaşaçını həvəsdən salır. Teatrlarımıza eyni müəlliflər, eyni rejissorlar, eyni yanaşmalar, eyni estetika və ətalət hökmranlıq edir. Hər teatrda onun inkişafında maraqlı olmayan, dünyada baş verən yeniliklərdən bixəbər və ya müasir yanaşmanı rədd edən bir neçə rəhbər şəxs mütləq tapılır. Ona görə də teatrlar daha çox lazımsız söz-söhbətlərlə, dedi-qodularla gündəmə gəlir.
Yaxşı yadımdadır, pandemiya həyatımızı alt-üst edənə qədər teatrlarımızın repertuarlarından İlyas Əfəndiyevin əsərləri düşməzdi. İndi də teatrların repertuarında Elçin Əfəndiyevin və digər xalq yazıçılarının əsərlərinə rast gəlirik. Əlbəttə, hökmən yaşlı nəslin əsərləri də səhnələşdirilməlidir. Ancaq gəncləri niyə gözardı edirik? Təəssüf ki, rejissorlara gənclərlə işləmək imkanı yaradılmır.
Ötən günlərdə teatrlardan birinin afişaları qarşıma çıxdı. Bəzi tamaşaların bədii rəhbəri, baş rejissoru həmin teatrın direktoru idi. Ad çəkməyə ehtiyac yoxdur, bu mənzərəni tək mən görmədiyim üçün, sənətlə maraqlananlar durumdan xəbərdardır.
Bilmirəm, bəlkədə bütün bunlar normaldır, amma xoşagələn deyil. Teatr kiminsə atasından miras qalan mülk deyil. Teatr sənətə xidmət etməlidir, dünyada baş verən tendensiyaları izləməkdə, yeniliklərdə maraqlı olmalıdır. Təəssüf ki, əksər teatrlar bu yenilikləri görməzdən gəlir.
"Qan yenilənməsinə" ehtiyac var
Teatrlar tənqidə də açıq deyil. Bunun dəfələrlə şahidi olmuşuq və bu barədə çox yazılıb. Kimlərinsə avtoritetini, nüfuzunu qorumaq üçün bəzən bütün yaradıcı kollektiv, texniki işçilər belə səfərbər olur. Sənətə xidmət etməli olan teatrlar kimlərinsə şəxsi zövqünə, şöhrətinə, avtoritetinin möhkəmlənməsinə xidmət edir.
Gənclər arasında teatrımızın problemlərini görən, hətta bu problemləri həll etməyə qadir olan çoxlu gənclər var. Onların təhsili, dünya görüşü, müasir yanaşması milli teatrımızı durğunluqdan, ətalətdən xilas edə bilər. Teatrımızda inqilabi yeniliyə – "qan yenilənməsinə" ehtiyac var.
Yanaşma, estetika, idarəetmə, təşkilatı məsələlər gənclərə etibar edilməlidir. Müasir prosesi izləməyən, ancaq sovet estetikasında, "Stanislavski məktəbində" ilişib qalan sənətkarlarımız teatrlarda məsləhətçi kimi qalsa yaxşı olmazmı?
Axı nəyə görə bütün yeniliklərə arxa çevirən, dünya incəsənətində gedən proseslərdən xəbərsiz insanlar ömrünün və sənətinin qürub çağında tamaşa hazırlamağa, səhnəyə çıxmağa, inzibati işləri həll etməyə iddia edir? Estafeti gənclərə vermək, yeni nəsilin inkişafına yol açmaq bu qədərmi çətindir?
Bütün fəxri adları, bütün mümkün medalları alan sənətkarlarımız niyə çəkilib bir kənarda ustad mövqeyini qorumur? Hər yeni cəhdində özünü nüfuzdan salan, müasir tələblərlə tamaşa hazırlamağa gücü və enerjisi çatmayan teatr xadimləri niyə dincəlmək haqqında düşünmür?
Bəzilərini narahat etməyin zövqü
Hələlik teatrlarımızın ümumi problemlərinə toxundum ki, bəziləri heç olmasa narahat olsun. Bəzilərini narahat etməkdən zövq aldığımı gizlətməyəcəm. Bəzən bu narahatlıq faydalı olur və belə yazılardan sonra az-çox silkələnmə müşahidə edirəm.
Növbəti yazılarda konkret tamaşalar, konkret teatrlar, konkret "sənətkarlar" barədə düşüncələrimi bölüşməyi düşünürəm. Hər halda sənətimizə və sənət ocaqlarımıza qarşı biganə qalmaq olmaz.
Şəxsən mən ölkəmdə teatrın əvvəlki ehtişamının qayıtmasını, alqış səsindən teatr salonlarının titrəməsini ürəkdən arzu edənlərdənəm. Və şübhəsiz ki, ümidim yenilikçi insanlar, xüsusilə gənc və fərqli düşüncəli sənət adamlarınadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.